(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Kitabxana

Təhsilin səviyyəsinin müasir tələblərə cavab verəcək şəkildə qurulması məqsədilə Milli Aviasiya Akademiyasında müasir kitabxana infrastrukturu yaradılmış, müəllim və tələbələrə göstərilən kitabxana-informasiya xidməti yüksək səviyyədə təşkil edilmişdir. Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə  komplektləşdirilmişdir. Kitabxananın fondu daim tələbata uyğun tədris ədəbiyyatları ilə zənginləşdirilir.

İstifadəyə verildikdən sonra  sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə yönəltmişdir. Oxuculara verilən ədəbiy­yatın tematik-tipoloji uçotu təşkil edilmiş, fəal və qeyri-fəal istifadə edilən nəşrlər müəyyənləşdirilmiş, istifadəçilərin informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi təmin edilmişdir. Hazırda kitabxananın fondunda 51300 kitab oxucuların istifadəsindədir. Kitabxana mütəmadi olaraq yeni-yeni informasiyaların toplanmasını təmin etmiş, 15 adda qəzetə və 65 adda xarici jurnala abunə yazılmışdır. Respublika mətbuatı ilə yanaşı, xarici ölkələrdə nəşr edilən dövri mətbuatın əldə edilməsi üçün də tədbirlər həyata keçirilir. Oxucularının sayı artıq 2300 nəfəri keçmişdir.

Kitabxananın fonduna – hava nəqliyyatının uçuş istismarı, hava nəqliyyatının texniki istismarı, elektronika, telekommunikasiya, radiotexnika, informasiya texnologiyaları və sistemləri, cihazqayırma, ekologiya, hidrometeorologiya,  menecment, iqtisadiyyat, hüquqşünaslıq, naviqasiya, aviasiya texnikası, xüsusi avadanlıqları və cihazları, fizika, riyaziyyat, kimya, meteorologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması, avianəqliyyat istehsalatı, humanitar fənlər və bədii ədəbiyyat, xarici dillər və s. sahələr üzrə ədəbiyyatlar, normativ-texniki sənədlər, xəritə və atlaslar və digər sənədlər daxildir.

Milli Aviasiya Akademiyasının bütün tədris obyektlərində olduğu kimi, kitabxanada da müasir informasiya texnologiyalarının tətbiqi və kompyu­ter­ləş­di­ril­miş kitabxana infrastrukturunun yaradılması təmin edilmiş, elektron informasiya resursları və elektron kitabxana yaradılmışdır. Müntəzəm olaraq kitab fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi istiqamətində işlər görülür.

Kitabxananın respublikada fəaliyyət göstərən yüksək səviyyəli kitabxanalarla, təhsil və elm müəssisələrinin, dövlət qurumlarının  tabeliyindəki kitabxanalarla, habelə ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuş,  məlumat və informasiya mübadiləsi təmin edilmişdir.

Milli Aviasiya Akademiyası M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul Texniki Universiteti,  Böyük Bri­ta­­niyanın Oksford və Kembric universitetləri, Dnepropetrovsk Milli Universiteti, Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti, Baltik Dövlət Texniki Universiteti, K.E.Siolkovski adına Moskva Aviasiya-Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Ukrayna Milli Aviasiya Universiteti, Şimali Kipr Res­pub­li­ka­sı­nın Yaxın Doğu Universiteti,  İzmir Yüksək Texnologiya Universiteti və başqa ali məktəblərlə sıx əlaqə sax­layır. Qeyd edilən təhsil müəssisələri ilə kitabxanalararası əlaqələrin də yüksək sə­viyyədə təşkili və fondlarda olan materialların mübadiləsi məqsədilə müntəzəm tədbirlər həyata keçirilir.

Kitabxanada mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli tədbirlərin müxtəlif bayramların, yubileylərin, əlamətdar günlərin yüksək səviyyədə təşkili və qeyd olunması üçün əməli tədbirlər həyata keçirilir. Aviasiya sahəsində yenilikləri və elmi-texniki nailiyyətləri əhatə edən sərgilər nümayiş etdirilir, elmi-texniki konfranslar, elmi tədqiqatların müzakirələri təşkil olunur, foto-stendlər və guşələr yaradılır.

Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədilə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” Milli Aviasiya Akademiyasının kitabxanasının daha müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində mühüm amil olmuşdur.

Hazırda M.F.Axundov adına Milli Kitabxana ilə birlikdə MAA-nın kitabxanasının tam şəkildə elektron-kitabxana mübadiləsi həyata keçirilir.

Əlaqə tel: (+994 12) 497 26 00 (22-87 və ya 20-31)