Hal-hazırda Milli Aviasiya Akademiyası Azərbaycanda mülki aviasiya sahəsində və “Azərbaycan Hava Yolları” QSC-nin müəyyən etdiyi digər sahələrdə ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən yeganə ali təhsil müəssisəsidir.
MAA-da 6 fakültə – Hava nəqliyyatı, Nəqliyyat texnologiyaları, Aerokosmik, Fizika-texnologiya, İqtisadiyyat və hüquq, Qiyabi fakültələr, 23 kafedra, Trenajor Mərkəzi, Aviasiya Personalının Hazırlığı Mərkəzi və IATA institutu fəaliyyət göstərir.
MAA-da mütəxəssis hazırlığı 20 ixtisas üzrə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmiş və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Dövlət Təhsil Standartları əsasında aparılır.
MAA-nın ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, müasir trenajor mərkəzi, idman kompleksi, təcrübə-sınaq istehsalat sahəsi, otel kompleksi, tələbə şəhərciyi vardır. İxtisaslaşdırılmış siniflər və auditoriyalar multimedia avadanlığı, tədrisə və biliyə nəzarətin texniki vasitələri ilə təchiz olunmuşdur.