Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin rəisi  Mustafa Mustafayevin 70 illiyi münasibətilə Milli  Aviasiya  Акademiyasının  kollektivinin təbriki

Milli  Aviasiya  Акademiyasının  kollektivi Sizi  əlamətdar yubiley – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı,  xoşbəxtlik, səadət dolu günlər, еlmi-pedaqoji və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır.

Qayğıkeş, mehriban, vətənpərvər bir insan kimi Siz, şərəfli həyat yolu keçmiş, xalqa, vətənə sədaqətlə xidmət etmisiniz.

İndi həyatınızın ən məhsuldar və müdrik çağını yaşayırsınız. Ümidvarıq ki, gələcəkdə də əldə edəcəyiniz yüksək nailiyyətlərinizlə kollektivimizə, ailənizə sevinc və fərəh hisləri bəxş edəcəksiniz.

Sizi bir daha şərəfli 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti, əmək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Mustafa Rəhim oğlu Mustafayev – 03 may 1948-ci ildə anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Mexanika fakültəsini “Yeyinti sənayesinin maşın və aparatları” ixtisası üzrə bitirmişdir. 1970 – 1973-cü illərdə Respublika tütün sənaye birliyində mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1973 – 1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunda “İstilik texnikasının nəzəri əsasları” ixtisası üzrə aspiranturada oxumuşdur. 1977 – 1982-ci illərdə Yeyinti Sənayesi nazirliyinin aparatında böyük aparıcı mühəndis və nazirliyin nəzdindəki elmi-tədqiqat laboratoriyasında direktor vəzifələrində çalışmışdır. 1982-ci ildən Azərbaycan Texniki Universitetinin “Mühəndis qrafikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmış və 2002 – 2011 – ci illərdə kafedra müdiri vəzifəsində işləmişdir. M.R.Mustafayev “İstilik texnikasının nəzəri əsasları” ixtisası üzrə 1979-cu ildə namizədlik, 1999-cu ildə isə “Perftorkarbonların istilik – fiziki xassələri və onların ölçülməsi üçün aparaturanın işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 120-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin müəllfidir. Onun elmi məqalələri əsasən Rusiya Elmlər Akademiyasının “Yüksək temperaturlu istilik fizikası” jurnalında çap olunmuşdur (bu jurnal ingilis dilinə tərcümə edilərək dünyanın inkişaf etmiş bütün ölkələrinə yayılır). “Tərsimi həndəsə” kursundan yazmış olduğu dərslik “Humay – 2004”Milli Mükafatına layiq görülmüşdür. Respublikada “Maşın qrafikası” fənninin tədris metodiki bazasının yaradılmasında xüsusi əməyi vardır. Bu sahədə 2 dərs vəsaitinin müəllifidir. M.R.Mustafayev gənc alimlərin hazırlanmasında da fəal iştirak edir. O, Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvüdür. 2011-ci ildən Milli Aviasiya Akademiyasının Tədrisin təşkili və elmi kadrların hazırlığı idarəsinin rəisi və «Nəqliyyat mexanikası» kafedrasının yarım ştat  professorudur.