(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

Milli Aviasiya Akademiyasında “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.(Yenilənib)

Bu gün Milli Aviasiya Akademiyasında “CanSat Azərbaycan 2018” müsabiqəsinin yekunlarına dair təltifetmə tədbiri olmuşdur. Tədbir Milli Aviasiya Akademiyasının Tələbə -Tədris Mərkəzində keçirilib. İştirakçılar ilk öncə müsabiqədə iştirak edən komandalar tərəfindən hazırlanmış “Cansat” peyk modellərinin sərgisi ilə tanış olmuşdurlar. Tədbir Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Mir Cəlal oğu Paşayevin açılış nitqi ilə başlanmışdır. Ağsaqqal alim əslində bu müsabiqədə iştirak edən hər bir iştirakçının qalib olmasını söyləmiş və iştirakçı gənclərin bu yarışda əsas qazandıqlarının elmi nəticələr və təcrübələr olmasını vurğulamışdır.

Tədbirin aparıcısı MAA-nın prorektoru, prof. Ənvər Həzərxanov “CanSat” müsabiqələrinin yaranması və inkişaf yolu haqqında, həmçinin, bu müsabiqələrdə Azərbaycanı təmsil edən Milli Aviasiya Akademiyasının keçmiş komandalarının uğurları haqqında tədbirin iştirakçılarına məlumat vermişdir. Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, MAA aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, müsabiqənin münsiflər heyətinin sədri akademik Roald Saqdeyev çıxış edərək 8 ay müddətində həyata keçirilən müsabiqə barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermiş, gənclərin elmi-praktiki yarışlarda komanda kimi yüksək səviyyədə iştirak etməsinin əhəmiyyətlərini qeyd etmişdir.

Tədbirdə Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramov çıxış edərək belə müsabiqələrin dövlət başçısının apardığı siyasətin və respublikada baş verən iqtisadi inkişafın təzahürü olmasını, həmçinin Təhsil Nazirliyi olaraq bundan sonra da belə tədbirlərə dəstək verəcəklərini bildirmişdir. Daha sonra çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev layihənin həyata keçirilməsi prosesi barədə tədbir iştirakçılarına əsaslı informasiya verərək, bu prosesdə Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şura, Təhsil Nazirliyi və Milli Aviasiya Akademiyasının verdiyi dəstəkləri, habelə müsabiqə dövründə iştirakçı tələbələrin xüsusi çalışqanlıq və dözümlülük göstərmələrini qeyd etmişdir.

Müsabiqədə respublikanın 11 ali məktəbindən olan 31 komanda tərkibində 206 tələbə iştirak etmişdir. Onlardan 7 ali məktəbi (Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan-Fransız İnstitutu ) təmsil edən 10 komandada 66 tələbə finala çıxmışdır. Müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat” komandası olub. 2-ci yerin qalibi Bakı Ali Neft Məktəbinin  “İnterstellar”, 3-cü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandaları bölüşüb. Müsabiqədə iştirak edən və müxtəlif nomanasiyalarda qalib olan digər iştirakçılar da münsiflər heyətinin mükafatları ilə təltif ediliblər.

Müsabiqədə iştirak edən ali məktəblərin nümayəndələrinə isə təşkilatçılar tərəfindən “Təşəkkürnamə”lər təqdim edilmişdir.

 Tədbirin rəsmi hissəsi bitdikdən sonra Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət özfəaliyyət qrupunun, Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Faiq Sücəddinov və məşhur cazmen Cavan Zeynallının iştirakı ilə bədii hissə təqdim edilmişdir.