(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

8-12 oktyabr tarixlərində Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə Beynəlxalq məktəb keçirilmişdir.

8 oktyabr 2018-ci il Azərbaycanda (Bakı ş.) ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təşəbbüsi ilə “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə Beynəlxalq məktəb fəaliyyətinə başlamışdır.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsinin (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Məktəbi (ISWI School), “Azərkosmos” ASC-nin və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməyinnən ibarət idi. Elçin Babayev həmçinin bu cür tədbirlərin və bu istiqamətdə geniş təcrübəyə malik olan təşkilatlarla əlaqələrin qurulmasının vacibliyinə toxundu.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə kosmik sahədə azərbaycanlı alimlərinin dünya elminə verdiyi töhfələrdən danışdı. Akademik vurğuladı ki, Respublikada kosmik sahənin inkişafına və müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir, həmçinin Azərbaycan son 5 ildə orbitə 3 peyk buraxıb. Akif Əlizadə “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə Beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Cənab Prezident İlham Əliyevin “Azərbaycan kosmik sənayesinin inkişafı kadrların hazırlanmasında mühüm rol oynayır” sözlərini xatırladaraq, alim gələcəkdə ölkədə kosmik sənayesinin daha da sürətlə inkişafına əmin olduğunu ifadə etdi.

Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin prezidenti, Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Məktəbinin icraçı direktoru Nat Qopalsvami çıxışında qeyd etdi:  “Beynəlxalq Kosmik Hava Təşəbbüsü çərçivəsində NASA 80 ölkə ilə əməkdaşlıq edir. Azərbaycan bizim sıralarımıza əvvəldən qoşulub, 2005-ci ildən. Azərbaycanlı alimlərin tədqiqatları Beynəlxalq “Günəş və Geosfera” jurnalında nəşr olunur. Şamaxı Astrofizika Rəsədxanası Günəşin öyrənilməsinə böyük töhfə verir” .

Merilend Universitetinin “Şərq-Qərb” mərkəzinin direktoru, fəxri professor, NASA mütəxəssisi, MAA və Azərbaycan Diplomatik Akademiyasının professoru, akademik Roald Saqdeyev çıxışında məşhur mütəxəssislərin Bakıda toplanmasının vacibliyini və ölkədə bu sənayenin inkişafı üçün geniş imkanların təmin olunmasını qeyd etdi.

Dəvət olunan məruzəçilər sırasında Roald Saqdeyev (ABŞ/Azərbaycan), Şərəfət Qədimova (Avstriya, UNOOSA təmsilçisi), Namiq Cəlilov (Azərbaycan, ŞAR-ın direktoru), Rəşad Nəbiyev Tərlan Məmmədzadə (Azərbaycan, “Azərkosmos” ASC), Ənvər Həzərxanov Ədalət Səmədov (Azərbaycan, MAA), Dominik Xays Auqusto Qonsales (Belçika, Avropa Komissiyası), Renalto Fildjar (Xorvatiya, Zaqreb Politexnik institutu), Kristin Amori (Fransa), Sandro Radiçella (İtaliya, Əbdüs Salam adına Beynəlxalq nəzəri fizika mərkəzi), Sergey Karutin, Viktor AlpatovElena Popova (Rusiya), Qriqori Vekşteyn (Böyük Britaniya, Mançester Universiteti), Patrisiya Doherti, Endavoke YezenqauKeyt Qrovs (ABŞ, Elmi Tədqiqatlar İnstitutu, Boston kolleci), Nat Qopalsvami (ABŞ, NASA), Mark Miç (ABŞ, Atmosfer Tədqiqatları Milli Mərkəzi, Kolorado), Perti Makela (ABŞ, Amerika Katolik Universiteti), Antea Koster (ABŞ, Massaçusets Texnologiya İnstitutu – Atmosfer Elmi qrupu, Haytak Rəsədxanası). AMEA, MAA, “Azərkosmos” ASC və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarından əlavə, həmçinin Beynəlxalq məktəbdə 22 ölkədən, o cümlədən Bangladeş, Bosniya və Herseqovina, Misir, Estoniya, Hindistan, Marakeş, Monqolustan, Seneqal və digər ölkələrdən professor, gənc tədqiqatçılar və alimlər iştirak edirdilər. Məruzəçilər və iştirakçılar haqda daha ətraflı məlumatı http://www.sdf.gov.az/conferences/iswischool2018/ əldə edə bilərsiniz.

Oktyabrın 9-da mühazirələrdən sonra Məktəb iştirakçıları Bakının mərkəzində yerləşən Tusi-Bom planetariumuna ziyarət etdilər. Planetarium son nəsil texnologiyalar ilə təchiz olunub. “The Sun, Our Living Star” filminin təqdimatı keçirildi. Qeyd etmək lazımdır, ki 4-10 oktyabr tarixi ölkədə “Beynəlxalq Kosmos Həftəsi”-nə həsr olunmuşdur.

Məktəbin üçüncü günündə “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə elmi-texniki səfər baş tutdu. “Azərkosmos” ASC Cənubi Qafqazda ilk və yeganə peyk operatorudur. Səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və eyni zamanda, bu il sentyabrın 26-da uğurla orbitə buraxılan “Azerspace 2/Intelsat 38” telekommunikasiya peyki haqqında geniş məlumat verildi. Görüşdə peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı və kosmik sənaye quruculuğu yolunda görülən işlərdən bəhs olunub. Həmçinin artıq “Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi qonaqların diqqətinə çatdırıldı.

Daha sonra, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına səfər təşkil olundu. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə yerləşir (Pirqulu dağının-şərq yamacında, yüksəklik 1500 m). Rəsədxananın direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın tarixi, görkəmli şəxsiyyətləri, aparılmış tədqiqatları, beynəlxalq qrantlar, həmçinin oktyabrın 3-də Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının ŞAR-ın nəzdində filialının açılması haqqında ətraflı məlumat verdi. Məktəbin qonaq və iştirakçıları Respublikada ən böyük Teleskopu ziyarət etdilər.

Məktəbin sonuncu günündə, Nat Qopalsvami, Patrisiya Doxerti, Şərəfət Qədimova və Elçin Babayev yekun nitq ilə çıxış etdilər. Məktəbin iştirakçıları yekun təəsüratları ilə bölüşdülər və sertifikatların verilməsi mərasimi keçirildi. Həmin gün Milli Aviasiya Akademiyasına texniki səfərdə təşkil olundu. Səfər zamanı ISWI Məktəbin iştirakçıları Uçuşların Hazırlıq Mərkəzini (Flight Training Centre) və Mülki Aviasiya müzeyini ziyarət etdilər.

Məlumat Beynəlxalq məktəbində iştirak edən MAA-ın doktorantları, Sona Quliyeva Balaəhməd Hüseyn-zadə, tərəfindən verilib.