(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30
Bizi izləyin:
Dil:

MAA tələbələrinin “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına texniki səfəri baş tutub.

20 Oktyabr 2018-ci il Milli Aviasiya Akademiyasının “Hava Nəqliyyatı” fakültəsinin “Radioelektronika” kafedrasının II-IV kurs tələbələrinin “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (Bakı-Şamaxı şosesi, 38-ci km) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) texniki səfərləri baş tutub.

“Azərkosmos”a səfər çərçivəsində tələbələrə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər – “Azerspace 1” və “Azersky/Spot 6”, ölçüləri, təyinatı və onların faydalı yükləri, aerokosmik sahədə elmi-tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi, eyni zamanda bu il sentyabrın 26-da uğurla orbitə buraxılan “Azerspace 2/Intelsat 38” telekommunikasiya peyki haqqında ətraflı məlumat verilib. Təqdimatdan sonra Murad Məmmədov (peyk operatoru) tələbələrin suallarını məmmuniyyətlə cavablandırıb. Həmçinin Azərbaycan ərazisindən peyklərin idarə edilməsinin tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsi tələbələrin diqqətinə çatdırılıb. Mütəxəssislər sırasında MAA-ın “Aerokosmik” fakültəsinin “Radioelektronika” kafedrasında tədris olunan “Kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasının məzunlarının olmasıda vurğulanıb. Sonra ərazidə yerləşən Ku- və C-diapazonlarında işləyən antenalar haqqında məlumat verilib. Yekunda xatirə fotoşəkilləri çəkdirilib.

Daha sonra, Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə yerləşən (Pirqulu dağının-şərq yamacında, yüksəklik 1500 m), dünyanın ən böyük rəsədxanalarından biri sayılan N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına səfər olunub.

İlk olaraq Rəsədxanada fəaliyyət göstərən tarix muzeyinə ekskursiya olunub. Rəsədxananın elmi katibi Orxan Xəlilov rəsədxananın tarixi, görkəmli şəxsiyyətləri, aparılmış tədqiqatlar, beynəlxalq qrantlar, həmçinin oktyabrın 3-də Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinin “Astrofizika” kafedrasının ŞAR-ın nəzdində filialının açılması haqqında ətraflı məlumatı tələbələrin diqqətinə çatdırıb. Qeyd olunub ki, AMEA N.Tusi adına ŞAR-ı 1959-cu ildə, Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. 1960-cı ildən isə müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan Elmlər Akademiyasının (AEA) strukturuna daxil edilmişdir. Həmçinin Rəsədxananın yaradılmasında və inkişafında böyük xidmətləri olan, ŞAR-ın ilk direktoru akademik Hacıbəy Sultanov (1960-1981) haqqındada geniş məlumat verilmişdir.

Daha sonra, Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 1966-cı ilin sentyabrında istifadəyə verilən ikimetrlik teleskop (Almaniya Demokratik Respublikasının “Karl Seyss” firmasında istehsal olunub) – Respublikanın ən böyük teleskopu ziyarət edilib və onun haqqında ətraflı məlumat verilib. Azərbaycan eksperimental elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında AEA-ın eks-prezidenti, akademik Yusif Məmmədəliyevin və Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olunduğu vurğulanıb. Yekunda Rəsədxananın qarşısında qrup şəklində xatirə fotoşəkilləri çəkdirilib.

Onuda qeyd etmək lazımdır ki, oktyabrın 20 həftənin şənbə günü, qeyri iş günü, olmasına baxmayaraq, “Azərkosmos” ASC-ın və N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları böyük məmmuniyyətlə bizi qarşılayıblar və buna görə onlara və Milli Aviasiya Akademiyasının rəhbərliyinə texniki səfərin təşkil olunmasına görə xüsusi minnətdarlığımızı bildiririk.

Foto qalereya