(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Milli Aviasiya Akademiyasının doktorantı Tural Məhərrəmov Azərbaycanda ilk dəfə keçirilən “UK Global Alumni Awards” mükafatının “Sosial təsir” nominasiyası üzrə qalibi olub

Dekabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən “UK Global Alumni Awards” mükafatlarının təqdimetmə mərasimi olub.

SOCAR-ın Xarici Təqaüd Proqramı vasitəsilə 2013-2014-cü illərdə Böyük Britaniyanın Nottinqam Universitetində Ətraf mühit mühəndisliyi ixtisası üzrə magistr təhsili alan Milli Aviasiya Akademiyasının doktorantı SOCAR-ın Baş Ofisinin Yenidənqurma layihələrinin idarə edilməsi Departamentinin mühəndisi Tural Sərhəd oğlu Məhərrəmov “Sosial təsir” nominasiyası üzrə qalib olub və Böyük Britaniyada fərdi inkişaf təlimi keçmək üçün mükafat qazanıb.

Qeyd edək ki, Tural Məhərrəmov 2009-2013-cü illər ərzində Milli Aviasiya Akademiyasında “Ekologiya mühəndisliyi”ixtisası üzrə bakalavr təhsili alıb. Bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra 2013-2014-cü illər ərzində Böyük Britaniyanın Nottinqam universitetində “Ətraf mühit mühəndisliyi” üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Milli Aviasiya Akademiyasında “Aerokosmik monitorinq” ixtisaslaşması üzrə ikinci magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ilin yanvar ayından etibarən Milli Aviasiya Akademiyasında “Məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə “Neft dağılmalarının ətraf mühitə təsirinin aerokosmik üsullarla qiymətləndirilməsi” dissertasiya mövzusu ilə qiyabi doktorantura təhsili alır.

Əlavə məlumat:

Mərasimdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP AGT-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidentBəxtiyar Aslanbəyli, Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah və ali məktəb rektorları iştirak ediblər.

Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah qeyd edib ki, bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Bu il beynəlxalq mükafatı əldə etmək üçün 123 ölkədən olan və Birləşmiş Krallığın 140-dan artıq ali təhsil müəssisəsini təmsil edən 1700-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub. Tədbirin başlanğıcında Samer Şah diqqətə çatdırıb ki, Azərbaycan üzrə seçilən 8 finalçıdan 3-ü bu mükafata layiq görüləcək. Azərbaycan bu il mükafatlandırma mərasiminə ev sahibliyi edəcək ikinci ölkədir və  dünyanın 11 ölkəsində də bu cür mükafatlandırma mərasimləri keçiriləcək.