(+994 12) 497-26-28
mail@naa.edu.az
Mardakan ave, 30, Baku
News:
Language:

MAA-nın Radioelektronika kafedrasının doktorantı Sahibə Həsənova Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radio Tənzimləmə Komitəsinə üzv seçilən ilk Azərbaycan təmsilçisi olub.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli Konfransı başa çatıb.
Azərbaycan beynəlxalq tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazılıb.
Belə ki, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Həmçinin, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazanaraq, bu Komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi olub.
Beynəlxalq Telekommunikasiya İttifaqı Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə səlahiyyətli qurumudur, 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də, geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək məsələlərinə məsuldur.
Ölkəmizin parlaq nəticə qazandığı Səlahiyyətli Konfrans isə dörd ildən bir keçirilən BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisat hesab olunur.

Builki konfrans “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox İKT sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.
29 oktyabr – 16 noyabr tarixlərində keçirilmiş konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məktum Bin Rəşid,  BTİ-nin baş katibi Houlin Zao, İttifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib.
Azərbaycan beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə təmsil olunub.