(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

3-5 fevral tarixlərində Milli Aviasiya Akademiyasında V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı – “Fevral məruzələri-2020” çərçivəsində təchizat zənciri menecmenti, logistika və nəqliyyat üzrə kompleks tədbirlər keçirilmişdir.  

Cari ilin 3 fevral tarixində Milli Aviasiya Akademiyasında (MAA) V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı – “Fevral məruzələri-2020” öz işinə başlamışdır.

Konfransın plenar iclasında “Azərbaycan Respublikasının logistika sahəsində innovasiya layihələri” mövzusunda çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru i.e.d., professor Vilayət Vəliyev qeyri-neft sektorunun inkişafını təmin edən prioritet sahələrdən biri kimi təchizat zənciri menecmenti (TZM), logistika və nəqliyyatın ölkə iqtisadiyyatının inkişafında mühüm rolunu vurğulamış , bu istiqamətdə potensial imkanlar barədə danışmışdır. O, MAA-nın rektoru akademik A.M.Paşayevin birbaşa rəhbərliyi ilə hazırlanmış “Logistika terminlərinin izahlı lüğəti”nin, logistika terminlərinin unifikasiya olunmuş danışıq frazeologiyasının formalaşdırılmasında  mühüm rolunu qeyd edərək,  həmin lüğətin respublikamızın gənc logistlərinin gündəlik istifadə kitabına çevrildiyini bildirmişdir. Professor V. Vəliyev AzTU ilə MAA arasında inkişaf edən əlaqələrin  dinamik və məhsuldar olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Logistik İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində birgə  fəaliyyətin vacibliyini plenar iclasın iştirakçılarının nəzərinə çatdırmışdır.

Konfransın ikinci günündə “Praktiki logistika” (aparıcı: Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzinin direktoru Ruslan İmamquliyev) və “Mərkəzi Avrasiyanın mühüm nəqliyyat qovşağı – Bakı Beynəlxalq Ticarət Limanının potensialının yüksəldilməsi perspektivləri” (aparıcı: Avianəqliyyat istehsalatı kafedrasının müəllimi Heydər Turabov) mövzularında ustad dərsləri keçirilmiş və Avianəqliyyat istehsalatı kafedrasının müdir müavini, dosent Elman Nəcəfovun sədrliyi ilə “Nəqliyyatda logistik problemlər” bölməsində MAA doktorantları və magistrantların məruzələri dinlənilmişdir.

Konfransın son günündə “Logistika, TZM-ə müasir baxış və perspektivlər” mövzusunda i.e.d., professor Vilayət Vəliyev və Avianəqliyyat istehsalatı kafedrasının müəllimi Azər Qurbanovun aparıcılığı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada giriş sözü ilə MAA “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev çıxış etmişdir. Dəyirmi masada:

  1. Yeni nəqliyyat sistemi qarşısındakı innovasiya çığırışları – Azərbaycan Respublikasının Logistik İnkişaf Konsepsiyası;
  2. Müasir innovasiya çağırışı – Logistik texnika və texnologiyaların əməli tətbiqinin elmi dəstəklənməsi üçün yeni mexanizm;
  3. Müasir dövrün elmi və praktiki tələblərinin qarşılanması perspektivləri – yeni təhsil standartları, onların strukturu və effektivliyi məsələləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı Azərbaycan Respublikasının Logistik İnkişaf Konsepsiyasının hazırlanması, logistika sahəsində kadrların  potensialının yüksəldilməsi, logistikanın tətbiqinin planlaşdırılması, 3PL və 4PL logistik xidmət inteqratorlarının formalaşdırılması, bu proseslərin əməli tətbiqinin elmi dəstəklənməsi müxanizminin yaradılması və digər bu kimi təkliflər səsləndirilmiş və onlar ətrafında geniş müzakirələr aparılmışdır.

Dəyirmi masada MAA-nın professor müəllim heyəti, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Azərbaycan üzrə milli katibi, Azərbaycan Respublikasının müxtəlif nazirlik, dövlət komitələri və şirkətlərindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, ARDNŞ) dəvət olunmuş şəxslər, logistika üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin  (MAA, AzTU, BNU, AzMİU) nümayəndələri və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin rəhbər şəxsləri iştirak etmişdir.

Təchizat zənciri menecmenti, logistika və nəqliyyat üzrə silsilə tədbirlərin fəal iştirakçılarına diplom, sertifikat və xatirə hədiyyələri təqdim edilmişdir.