(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

MAA-da yekun attestasiyaların və imtahan sessiyasının təşkili barədə hazırlanmış tədbirlər planı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubunda göstərilmiş tələblər əsasında

Milli Aviasiya Akademiyasında yekun attestasiyaların və imtahan sessiyasının təşkili barədə hazırlanmış

TƏDBİRLƏR PLANI

  1. Bakalavriat səviyyəsi üzrə

1.1. Buraxılış qruplarında tələbələrin biliyinin cari qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) əsasən aparılsın.

1.2. Tədris planında Yekun attestasiya dövlət imtahanı olan qruplarda:

– tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri ÜOMG-nə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunsunlar;

– ÜOMG-yə uyğun olaraq çıxarılmış Yekun dövlət attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün “online” şifahi dövlət imtahanı təşkil edilsin.

1.3. Tədris planında Yekun attestasiya buraxılış işinin müdafiəsi ilə nəticələnən qruplarda, attestasiya aşağıda göstərildiyi kimi  həyata keçirilsin:

– buraxılış işini yerinə yetirmiş tələbələr, həmin buraxılış işini ixtisas üzrə yaradılmış Dövlət Attestasiya Komissiyasına (DAK) elektron və çap şəklində təqdim edirlər;

– DAK-ın katibi təqdim edilmiş buraxılış işlərinin DAK-ın üzvlərinə göndərilməsini, rəylərinin toplanmasını, o cümlədən “online” müzakirəsini təşkil edir;

– DAK tərəfindən buraxılış işinin məzmunu və tərtibatı yoxlanılır, rəhbərin və rəyçinin rəyləri, eyni zamanda tələbənin təhsil müddətində əldə etdyi ÜOMG  də nəzərə alınaraq qiymətləndirilir;

– qiymətləndimə ilə razı olmayan tələbələrə müraciətləri əsasında buraxılış işinin “online” şifahi müdafiəsi təşkil edilir;

– Buraxılış işini təqdim etməyən tələbələr 100 ballıq sistemə uyğun minimal qiymətləndirmə ilə (E) yekun attestasiyadan keçmiş hesab olunurlar;

– Buraxılış işini təqdim etməyən tələbələr qiymətləndimə ilə razı olmadıqda, onlar üçün avqust-sentyabr aylarında buraxılış işinin müdafiəsi təşkil oluna bilər.

1.4. İmtahan sessiyasının təşkili və tələbələrin biliyinin cari qiymətləndirilməsi barədə:

– hər bir fənn üzrə “online” dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq bütün tələbələr minimum 34 balla, “online” dərslərə tam və ya qismən qoşulan, həmçinin dərslərdə aktivlik göstərən, verilmiş tapşırıqları yerinə yetirən tələbələr daha çox balla (50 bala qədər) qiymətləndirilir;

– imtahanlar “online” şifahi formada təşkil edilir;

– imtahanlar fakültələr tərəfindən təqdim edilmiş cədvəllərə uyğun təşkil edilir;

– imtahanların növbəli şəkildə keçirilməsi nəzərdə tutulur;

– imtahan sualları fənnin sillabusu əsasında əhatə dairəsinə görə 25-30 sual həcmində tərtib edilir və sessiya başlayana qədər tələbələrə verilir;

– imtahanların nəticələri ilə razılaşmayan tələbələr imtahanın keçirildiyi tarixdən gec olmayaraq Apelyasiya Komissiyasının e-mail ünvanına müraciət edə bilərlər.

1.5. Təcrübələrin qiymətləndirilməsi aşağıdakı kimi yerinə yetirilir:

– Təcrübələr tələbələrin əvvəlki təcrübələrinin ÜOMG-lərinə əsasən qiymətləndirilir;

– 1-ci kurs tələbələrinin təcrübələri 1-ci semestrin ÜOMG-nə müvafiq olaraq qiymətləndirilir.

  1. Magistratura səviyyəsi üzrə:

– Yuxarıda qeyd edilmiş 1.4. bəndi 1-ci kurs magistrantlara da şamil edilir;

– Magistrantlar üçün nəzərdə tutulmuş təcrübələr əvvəlki semestrin ÜOMG-nə əsasən qiymətləndirilir;

– Magistrlik dissertasiyalarının ixtisaslaşdırılmış şuralarda müdafiəsinin ənənəvi şəkildə təşkili nəzərdə tutulur;

– Dissertasiya işini müdafiəyə vaxtında təqdim etməyən və ya müdafiədən qeyri-müvəffəq qiymət alan magistrantlar üçün təqvim ilinin sonuna qədər təkrar müdafiə təşkil edilir.

III. Həm bakalavriat, həm də magistratura səviyyəsində təhsil alan tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) icmal mühazirələrin (ödənişsiz əsaslarla) təşkil olunması nəzərdə tutulur.

  1. İmtahanlarda iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunur.
  2. Əlavə olaraq tələbəyə hər bir semestrdə, əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) akademik borcunun imtahanında fənni dinləmədən iştirakına icazə verilir.
  3. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilir. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.

VII. İmtahan sessiyasının və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunması mütləqdir.