(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

“Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyasının tələbələrinin nəzərinə

Əziz tələbələr!

           Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərar qəbul etmişdir. Bu qərara əsasən Milli Aviasiya Akademiyasının Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinin 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilmişdir. Həmin tələbələrin xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına yenidən müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili)  üçün əsas götürülərək, onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.

           Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər. Yazılanları nəzərə almağınızı və qeydiyyatdan keçməyinizi xahiş edirik.

           Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr hesab edilirlər:

  1. ünvanlı dövlət sosial yardımı alanlar;
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

2.2. işsiz kimi qeydiyyatda olanlar;

2.3. yaşa görə əmək pensiyaçıları;

2.4. yaşa görə sosial müavinət alanlar.