MİLLİ AVİASİYA AKADEMİYASININ NİZAMNAMƏSİ

“AZƏRBAYCAN HAVA YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN MİLLİ AVİASİYA AKADEMİYASININ NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyasının (MAA) Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” əsasında hazırlanmışdır və MAA-nın fəaliyyətini tənzimləyir.

1.2. Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli 337 saylı qərarı ilə Milli Aviasiya Mərkəzi adı ilə yaradılmış, sonra isə Nazirlər Kabinetinin 81 saylı 24 fevral 1994-cü il tarixli qərarı ilə Milli Aviasiya Akademiyası adlandırılmışdır.

1.3. Milli Aviasiya Akademiyası – mülki aviasiya sahəsində və “Azərbaycan Hava Yolları” QSC-nin müəyyən etdiyi digər sahələrdə ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

1.4. MAA öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) əmrlərini, qərarlarını, sərəncamlarını, normativ-hüquqi sənədlərini, Azərbaycan Respublikasının DMAA tərəfindən qəbul edilmiş qaydaları və prosedurları, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO – İnternational Civil Aviation Organization), Avropa Mülki Aviasiya Konfransı (ECAC – European Civil Aviation Coference), Avropa Aviasiya Təhlükəsizliyi İdarəsi (EASA – European Aviation Safety Agency), Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq Mülki Aviasiya təşkilatları tərəfindən qəbul edilmiş qaydaları, standartları, tövsiyə etdikləri təcrübəni və prosedurları, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsini, “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin əmrlərini, göstəriş və sərəncamlarını,  kollegiyasının qərarlarını və bu Nizamnaməni rəhbər tutur.

1.5. MAA müvafiq səviyyələr üzrə ali, əlavə və peşə-ixtisas təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.

MAA-nın hüquqi ünvanı: AZ1045, Bakı şəhəri, Binə qəsəbəsi, 25-ci km.

Bank rekvizitləri:

A1. Emitent (ödəyən) bank.

Adı: Azərbaycan Beynəlxalq Bankı, kodu: 805573, müxbir hesabı: 0137010002944, VÖEN: 9900001881, S.W.I.F.T BİK İBAZ AZ 2X.

A2. Ödəyən müştəri.

Adı: “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası, hesab №: 33306019449959595212, VÖEN: 9900000831.

1.6.  MAA üçün maliyyə ili hər il yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

1.7.  MAA-da siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.8.          Milli Aviasiya Akademiyası işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, MAA-ya qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində (050616 – “Uçuş mühəndisliyi” ixtisası istisna olmaqla), biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, ali təhsilin növbəti səviyyəsində təhsillərinin davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradır.

1.9.          Milli Aviasiya Akademiyasında bakalavriat səviyyəsinin əyani forması üzrə təhsilalanlar xüsusi geyim forması ilə təmin olunurlar.

1.10.    Milli Aviasiya Akademiyası təşkilati-hüquqi formasına və mülkiyyət növünə görə “Azərbaycan Hava Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsidir.

1.11.    Milli Aviasiya Akademiyasının Nizamnaməsi MAA-nın Elmi Şurası tərəfindən qəbul olunur və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti tərəfindən təsdiq edilir.

Milli Aviasiya Akademiyasının adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilib və onun yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. MAA-nın statusu (növü) dəyişərsə, onun adında da müvafiq dəyişikliklər aparılmalıdır. MAA-nın adının dəyişdirilməsi “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin vəsatəti (Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra) əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.12.    MAA-nın fəaliyyətinə xüsusi razılığın verilməsi (lisenziyalaşdırılması) və akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

1.13.    MAA təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən dövlət ali təhsil müəssisəsi kimi müddətsiz xüsusi razılıq (lisenziya) alır.

1.14.    MAA-nin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, elmi fəaliyyətinin, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (”Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərtilə) uzadılması üçün hüquqi təminat yaradır.

MAA-nın akkreditasiyası ”Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin prosedurdan keçdikdən sonra MAA akkreditasiya haqqında sertifikat alır.

1.15.     MAA-nin sertifikasiyası təhsil müəssisəsinin strukturunun, tədris prosesinin təşkilinin, mütəxəssis hazırlığının növlərinin və səviyyəsinin, maddi-texniki bazanın, tədris və təcrübə proqramlarının, trenajor və uçuş hazırlığının, təlimatçı-müəllim heyətinin və onların ixtisaslarının artırılması proqramlarının, elmi fəaliyyətinin, maliyyə resurslarının və təhsil infrastrukturunun Azərbaycan Respublikasının DMAA tərəfindən qəbul olunmuş qaydalara və prosedurlara, bu nizamnamənin 1.4 bəndində göstərilən beynəlxalq Mülki Aviasiya təşkilatları tərəfindən qəbul edilmiş qaydalara, standartlara, tövsiyə edilən təcrübəyə və prosedurlara, digər beynəlxalq normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və MAA-nın mülki aviasiya sahəsində mütəxəssis hazırlığı ilə məşğul olan təhsil müəssisəsi statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

MAA-nın sertifikasiyası Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “Azərbaycanın Aviasiya Qaydaları” (AAQ) əsasında:

–       AAQ-PŞV – “Personala şəhadətnamələrin verilməsi”;

–       AAQ-FCL (“Flight Crew Licensing”) – “Uçuş heyəti üzvlərinin lisenziyalaşdırılması”;

–       AAQ 147 – “Texniki personalın hazırlanması ilə məşğul olan tədris müəssisələrinin sertifikatlaşdırılması”;

–       AAQ 66 – “Texniki personalın sertifikatlaşdırılması”;

–       AAQ-PŞV-AML (Aircraft Maintenance Licence) – Hava gəmilərinə texniki xidmət üzrə mütəxəssislərin lisenziyalaşdırılması;

–       AAQ HHT – “Havada hərəkətin təşkili”

və digər qəbul edilmiş Qaydalara əsasən aparılır.

Bununla yanaşı MAA-nın sertifikasiyası, Azərbaycan Respublikasının DMAA-nın, “Azərbaycan Hava Yolları” QSC-nin və MAA-nın müraciətləri əsasında “Mülki Aviasiya ali təhsil müəssisələrinin sertifikasiyası qaydaları”na Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən, habelə qəbul edilmiş beynəlxalq qaydalar üzrə səlahiyyətli beynəlxalq Mülki Aviasiya təşkilatları tərəfindən həyata keçirilir. Həmin prosedurlardan keçdikdən sonra MAA-ya müvafiq sertifikat (sertifikatlar) verilir.

1.16.    MAA-nın bazasında özündə müxtəlif tipli təhsil müəssisələrini birləşdirən komplekslər (kampuslar) yaradıla bilər. Onların yaradılması, yenidən təşkili və ləğvi “Azərbaycan Hava Yolları” QSC-nin vəsatəti əsasında ””Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

1.17.    Milli Aviasiya Akademiyası ali təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə digər ali təhsil müəssisələri və elmi tədqiqat təşkilatları ilə sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsal birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdir.

1.18.    MAA-da filiallar, idarələr, institutlar, litseylər, fakültələr, kafedralar, tədris şöbələri, kitabxanalar, elmi tədqiqat, sınaq və problem laboratoriyaları, magistratura, doktorantura, əlavə və peşə-ixtisas təhsili üçün müvafiq bölmələr, trenajor və təlim mərkəzləri, qeydiyyat ofisləri, tədris-təcrübə təsərrüfatları, idman bazaları, konsert zalları, sərgi salonları, muzey, iaşə müəssisələri və digər struktur bölmələri fəaliyyət göstərə bilər. MAA-nın strukturunda onun profilinə uyğun istehsal, elmi tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları yaradıla bilər. MAA-nın strukturu onun Elmi Şurası tərəfindən müəyyənləşdirilir (filiallar istisna olmaqla) və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti tərəfindən təsdiq edilir. MAA-nın struktur bölmələrinin fəaliyyət dairəsi və funksiyaları bu Nizamnamədə öz əksini tapır. MAA-nın struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin təşkilində, onun həyata keçirilməsində bilavasitə iştirak edir, MAA-nın elmi şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirirlər. Struktur bölmələrinin rəhbərləri (filiallar istisna olmaqla) MAA-nın rektoru tərəfindən təyin olunurlar.

1.19.    MAA dövlət təhsil müəssisəsi olaraq qanunvericiliyə və bu nizamnaməyə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında) filiallar açmaq hüququna malikdir. MAA-nın filialları öz funksiyalarını müstəqil olaraq həyata keçirirlər. Filialın fəaliyyətinin idarə edilməsi MAA-nın və filialın nizamnamələrinə uyğun həyata keçirilir.

Filialın yaradılması, ləğv edilməsi, adının dəyişdirilməsi və onun yerləşdiyi ünvan barədə rekvizitlər MAA-nın nizamnaməsində nəzərdə tutulur.

Filialın rəhbəri (direktoru) MAA-nın vəsatəti əsasında “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti tərəfindən təyin edilir.

1.20.    MAA-da təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir.

1.21.    Milli Aviasiya Akademiyası təhsil, tərbiyə və elm mərkəzi kimi, bu nizamnaməyə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:

–   hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, ali, əlavə və peşə-ixtisas təhsilalma tələblərinin ödənilməsi;

–   təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

–   elmi araşdırmaların aparılması;

–   yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması;

–   ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi;

–   qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, nəşriyyat, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat sahələri üzrə kommersiya fəaliyyəti ilə məşğul olunması;

–   beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.

Həmin vəzifələri yerinə yetirmək üçün Milli Aviasiya Akademiyası:

–   dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır;

–   tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

–   təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

–   elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata keçirir;

–   profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;

–   elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və həyata keçirir;

–   elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;

–   təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik təminatını, MAA-nın xüsusi veb-portalını, qlobal kompyuter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;

–   elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və nəşr edir;

–   tələbələrə, dinləyicilərə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil edir və göstərir;

–   təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;

–   maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;

–   müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.

1.22.    MAA-da ali təhsilli mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:

–   bakalavriat;

–   magistratura;

–   doktorantura.

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

–   əyani;

–   qiyabi;

–   distant (məsafədən);

–   sərbəst (eksternat).

1.23.    Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır.

Bakalavriat təhsili başa çatmış ali təhsildir.

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Bakalavriatı bitirən məzunlara ”bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.

Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş ”Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq müəyyən edilir.

1.24.    Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

Magistratura səviyyəsini bitirən şəxslərə ”magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

Magistratura təhsilinin məzmunu, təşkili və ”magistr” dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş ”Magistratura təhsilinin məzmunu, təşkili və ”magistr” dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilir.

1.25.    Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili MAA-da yaradılan doktoranturada həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr MAA-da fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.

Doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş ”Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən həyata keçirilir.

1.26.    MAA-da çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. MAA-nın müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

–       dosent;

–       professor.

Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilir.

Milli Aviasiya Akademiyasının fəxri doktor və fəxri professor adları vermək hüququ vardır.

“MAA-nın fəxri doktoru” adına elmin və elmi əlaqələrin inkişafına, elmi tədqiqatların aparılmasına əhəmiyyətli töhfə vermiş, elmi və ictimai nüfuzu olan Azərbaycanın və xarici dövlətlərin alimləri və ictimai xadimləri, Dövlət hakimiyyət və yerli idarəetmə (bələdiyyə) orqanlarının  rəhbərləri layiq görülə bilər.

“MAA-nın fəxri professoru” adına pedaqoji iş stajı 20 ildən az olmayan, ali təhsil sistemində şəxsi xidmətləri olan, elmi və ictimai nüfuzu olan, tədris fənlərinin dərindən öyrənilməsinin stimullaşdırılmasına və qavranılmasına xidmət edən yeni standartların, metodikaların və metodologiyanın tətbiqinə, yüksək ixtisaslı pedaqoji və elmi fəaliyyətin həyata keçirilməsinə, tələbələrin, magistrlərin və doktorantların aktiv elmi-praktiki fəaliyyətə cəlb olunmasına, ixtisaslı elmi və elmi-pedaqoji kadrların tərbiyə olunması və hazırlanmasına nail olmuş Azərbaycanın və xarici dövlətlərin alimləri, yüksək peşəkar müəllimləri layiq görülə bilər.

MAA-nın fəxri doktoru və fəxri professoru adları MAA-nın elmi şurasında açıq səsvermə və sadə səs çoxluğu ilə verilir.

Fəxri adlara təqdim olunanlara MAA-nın elmi şurasının iclasında təntənəli surətdə müvafiq diplom, “MAA-nın qızıl nişanı” və mantiya təqdim olunur. Fəxri adlar alanların soyadları “MAA-nın fəxri doktorları və professorları Kitabı”na yazılır, onların portretləri xüsusi ayrılmış yerdə asılır.

1.27.    MAA öz imkanları daxilində bu nizamnaməyə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini, habelə orta ixtisas və ilk peşə-ixtisas təhsili səviyyələrini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

–     ixtisasartırma;

–     kadrların yenidən hazırlanması;

–     stajkeçmə və kadrların təkmilləşdirilməsi;

–     təkrar ali təhsil;

–     dərəcələrin yüksəldilməsi;

–     yaşlıların təhsili.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi ”Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarına və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq edilmiş aidiyyatı üzrə “Azərbaycanın Aviasiya Qaydaları”na əsasən müəyyənləşdirilir. Əlavə təhsildə nəzərdə tutulmuş təkrar ali təhsil ödənişli əsaslarla həyata keçirilir. “Azərbaycan Hava Yolları” QSC-nin sifarişləri əsasında təşkil edilmiş əlavə təhsilin digər istiqamətləri (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) “Azərbaycan Hava Yolları” QSC-nin hesabına, “Azərbaycan Hava Yolları” QSC-nin strukturuna daxil olmayan müəssisə, təşkilat və digər qurumlar və fiziki şəxslər üçün isə ödənişli əsaslarla həyata keçirilir.

1.28.    MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil bu Nizamnamənin 1.4-cü bəndində göstərilən beynəlxalq Mülki Aviasiya təşkilatlarının standart və tələbləri, həmin standart və tələblərə müvafiq Azərbaycan Respublikasının DMAA tərəfindən təsdiq edilmiş Azərbaycanın Aviasiya Qaydaları (AAQ) əsasında “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin əmrləri ilə aşağıdakı istiqamətlərdə həyata keçirilir:

–       Kommersiya hava daşımaları pilotlarının (“Commersial Pilot License – CPL” kateqoriyası üzrə) hazırlığı – “AAQ FCL” və “AAQ-PŞV” tələbləri əsasında;

–       Havada hərəkətin idarə edilməsi (HHİE) üzrə dispetçerlərin hazırlığı – “AAQ-HHT” və “AAQ-PŞV” tələbləri əsasında;

–       Aviasiya texnikasına texniki xidmət üzrə mütəxəssislərin hazırlığı (hava gəmiləri növləri üzrə B1 və B2 kateqoriyaları) – AAQ 147, AAQ 66 və “AAQ-PŞV-AML” tələbləri əsasında;

–       Həvəskar pilotların (“Private Pilot License – PPL” kateqoriyası üzrə) hazırlığı – “AAQ FCL” və “AAQ – PŞV” tələbləri əsasında.

1.29.    MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil, Azərbaycan Respublikasında mülki aviasiya mütəxəssislərinə cari və perspektiv tələbat nəzərə alınmaqla, “Azərbaycan Hava Yolları” QSC-nin sifarişlərinə müvafiq təşkil edilir (“PPL” kateqoriyası istisna olmaqla). MAA öz imkanları daxilində bu nizamnaməyə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini, habelə orta-ixtisas, ilk peşə-ixtisas və tam orta səviyyələrini bitirmək haqqında dövlət sənədi olan, yaş həddi, ilkin hazırlıq səviyyəsi, fiziki saglamlıq və psixofizioloji göstəriciləri Azərbaycanın Aviasiya Qaydalarının  (AAQ FCL, AAQ PŞV, AAQ 147, AAQ 66, AAQ-PŞV-AML, AAQ HTM (AAQ Heyətin tibbi müayinəsi)) tələblərinə cavab verən vətəndaşların peşə-ixtisas hazırlığı üzrə təhsil almasını təşkil edə bilər.

1.30.    MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil “Azərbaycan Hava Yolları” QSC-nin sifarişlərinə müvafiq təşkil edildiyi halda, “Azərbaycan Hava Yolları” QSC-nin hesabına həyata keçirilir.

1.31.    MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil “Azərbaycan Hava Yolları” QSC-nin strukturuna daxil olmayan müəssisə, təşkilat və digər qurumların nümayəndələri üçün, bu qurumların “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinə rəsmi müraciəti və bu qurumlarla MAA arasında bağlanan müqavilələr əsasında ödənişli əsaslarla təşkil edilə bilər.

1.32.    MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də təşkil edilə bilər.

1.33.    Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər üçün peşə-ixtisas hazırlığı “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi icazəsi və MAA ilə bu şəxslər arasında bağlanan müqavilə əsasında ödənişli əsaslarla təşkil edilə bilər.

1.34.    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün peşə-ixtisas hazırlığı üzrə təhsil Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi icazəsi və MAA ilə bu şəxslər arasında bağlanan müqavilə əsasında ödənişli əsaslarla təşkil edilə bilər.

1.35.     “Azərbaycan Hava Yolları” QSC-nin strukturuna daxil olmayan qurumların nümayəndələri, fiziki şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali, orta-ixtisas, ilk peşə-ixtisas və tam orta səviyyələrini bitirmək haqqında müvafiq dövlət sənədlərini təqdim etdikdə, onların yaş həddi, ilkin hazırlıq səviyyəsi, fiziki saglamlıq və psixofizioloji göstəriciləri Azərbaycanın Aviasiya Qaydalarının tələblərinə cavab verdikdə MAA-da peşə-ixtisas hazırlığı üzrə təhsil ala bilərlər.

1.36.    MAA-da ali təhsil üzrə tədris, ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

1.37.     MAA-da,  Azərbaycan Respublikasının DMAA tərəfindən təsdiq edilmiş ayrı-ayrı kateqoriyalar üzrə peşə-ixtisas hazırlığı, aidiyyatı üzrə Azərbaycanın Aviasiya Qaydalarında bu təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən tələblər və təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

2.       MAA-ya tələbə qəbulu

2.1.          Ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər.

MAA-ya tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.

Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən vahid danışıq dili ingilis dili qəbul edildiyindən, MAA-nın birinci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər «Xarici dil» fənn blokunda yalnız ingilis dilindən imtahan verməlidirlər.

MAA-nın bakalavr səviyyəsinin 050616 «Uçuş mühəndisliyi» və 050615 «Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi» ixtisaslarına “Azərbaycan Hava Yolları” QSC-nin Tibbi-sanitar İdarəsində xüsusi tibbi müayinə keçmiş 23 yaşına qədər abituriyentlər qəbul edilirlər. Həmin abituriyentlər  həmçinin MAA-da «Psixofizioloji peşə seçimi» və «Fiziki hazırlıq» üzrə xüsusi qabiliyyət müsabiqələrini keçməlidirlər.

050616 «Uçuş mühəndisliyi» və 050615 «Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi» ixtisaslarının abituriyentləri, MAA-nın TQDK tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına qəbul olmaq hüququna malikdirlər.

«Uçuş mühəndisliyi» ixtisasına yalnız 23 yaşına qədər oğlanlar qəbul edilir.

2.2.          MAA-nın bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə MAA ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

2.3.          MAA-ya tələbə qəbulu planı “Azərbaycan Hava Yolları” QSC-nin sifarişləri, həmçinin müvafiq nazirliklərin, dövlət və aidiyyatı üzrə ayrı-ayrı müəssisə və təşkilatların “Azərbaycan Hava Yolları” QSC-yə və MAA-ya müraciətləri əsasında tərtib edilmiş sifarişlər əsasında, MAA-nın imkanları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

2.4.          Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə MAA-da tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

–     MAA-nın nizamnaməsi;

–     MAA-nın təhsil sahəsində fəaliyyəti üçün xüsusi razılıq (lisenziya);

–     MAA-nın dövlət akkreditasiyası haqqında sənəd;

–     MAA-nın Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və səlahiyyətli beynəlxalq Mülki Aviasiya təşkilatları tərəfindən sertifikasiyası haqqında sənədlər.

2.5.          Təkrar ali təhsil, ixtisasartırma və yenidənhazırlanma, stajkeçmə və peşə hazırlığı kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” QSC tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

3.       MAA-nın tədris fəaliyyəti

3.1.          MAA-da tədris dili dövlət dili – Azərbaycan dilidir. Tədris Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada ingilis və rus dillərində də aparıla bilər.

3.2.          MAA ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

–     bakalavriat;

–     magistratura;

–     doktorantura;

–     əlavə təhsil.

MAA Azərbaycan Respublikasının DMAA tərəfindən təsdiq edilmiş və bu nizamnamənin 1.28-ci bəndində göstərilmiş peşə-ixtisas hazırlığının ayrı-ayrı kateqoriyaları üzrə təhsil proqramlarını (kurikulumları) da həyata keçirir.

MAA Azərbaycan Respublikasında həyata keçirilən beynəlxalq təhsil proqramları üzrə də mütəxəssis hazırlığında iştirak edir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı dövlətlərarası müqavilələrə, müvafiq qanunvericiliyə və bu Nizamnaməyə əsasən tənzimlənir.

3.3.          Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” (bundan sonra – dövlət təhsil standartı) ilə müəyyənləşdirilir.

3.4.          Ali təhsilin səviyyələrində ixtisaslar üzrə təhsil proqramlarında aşağıdakı fənn bölmələri nəzərdə tutulur:

bakalavriat səviyyəsində:

–     humanitar fənlər;

–     ixtisasın peşə hazırlığı fənləri;

Humanitar fənn bölməsi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı təmin etməlidir.

İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməlidir.

Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır.

Humanitar fənn bölməsinə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici dildə təhsil alanlar üçün), “Xarici dil” fənləri daxildir.

Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır;

magistratura səviyyəsində:

ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir.

Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur:

–     humanitar fənlər;

–     ixtisaslaşma fənləri.

Bu bölmələrə daxil olan fənlərin tədrisi zamanı magistrlərə müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.

Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının 25-30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır.

Humanitar fənn bölməsinə məcburi fənlər kimi “Xarici dil”, “Ali məktəb pedaqogikası” və “Psixologiya” fənləri daxildir.

İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

3.5.          Ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.

Bu sənədlərin formaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və MAA tərəfindən müəyyənləşdirilir.

Milli Aviasiya Akademiyası dövlət təhsil standartı çərçivəsində ali təhsil proqramlarında müvafiq dəqiqləşdirmələr apara bilər.

3.6.          İxtisaslar üzrə təhsil proqramlarında normativ təhsil müddətləri dövlət təhsil standartı ilə müəyyən edilir.

3.7.          MAA-da ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına uyğun hazırlanmış və MAA-nın rektoru tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. MAA-nın ixtisaslarının tədris planları Azərbaycan Respublikasının DMAA ilə razılaşdırılır.

MAA-nın bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).

Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir. MAA-da kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada həyata keçirilir.

Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə bakalavriat səviyyəsində 180-240 saata, magistraturada isə 120-160 saata qədər nəzərdə tutulur.

Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.

Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.

Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən, qış tətili müddəti 2 həftədən az olmayaraq).

MAA-da dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir.

Akademik saat – 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədir.

MAA-da ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

MAA-nın 050616 “Uçuş mühəndisliyi” ixtisası və 050615 “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasının “Havada hərəkətin idarə olunması” ixtisaslaşması üçün Dövlət attestasiyası Dövlət imtahanları ilə yekunlaşır.

Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır.

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və bu Nizamnamə ilə müəyyənləşdirilir.

3.8.          MAA-da əyani forma üzrə dövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o cümlədən, adlı təqaüdlər) və yardımlar verilir.

3.9.          Təhsilalanların bir təhsil proqramından və ya digər ali təhsil müəssisəsindən MAA-ya, yaxud əksinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və MAA-ya bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

3.10.    Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə MAA-nı bitirməsi barədə dövlət nümunəli sənəd (diplom) verilir. Həmin diploma əlavədə təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

3.11.    Diplomla yanaşı MAA-nın təqdimatı əsasında müvafiq ixtisasları bitirən məzunlara Azərbaycan Respublikasının DMAA tərəfindən aidiyyatı üzrə “Azərbaycanın Aviasiya Qaydaları”na uyğun olaraq şəhadətnamələr, lisenziyalar və sertifikatlar verilə bilər.

3.12.    MAA-nın peşə-ixtisas hazırlığı proqramlarını müvəffəqiyyətlə başa vurmuş və yekun attestasiyadan keçmiş dinləyicilərə “Azərbaycanın Aviasiya Qaydaları”-na uyğun olaraq Azərbaycan Respublikasının DMAA tərəfindən müvafiq şəhadətnamələr, lisenziyalar və sertifikatlar verilir.

3.13.    Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”na əsasən həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.

MAA-nın bakalavriat və magistratura səviyyələrinin məzunlarına onların arzusu ilə Avropa Komissiyası, Avropa Şurası və YUNESCO/CEPES-in və ona müvafiq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümunəsinə uyğun təhsil müəssisəsi tərəfindən hazırlanmış diploma əlavə də verilə bilər.

Ali təhsilin müvafiq səviyyələrini bu və ya digər səbəbdən başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.

 4.       Elmi fəaliyyət

4.1.          MAA-da mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

4.2.          MAA-da ali təhsil pilləsində elmi araşdırmalar kafedralarda, laboratoriyalarda, habelə MAA-nın Elmi tədqiqat nəqliyyat və aviakosmik problemləri institutunda (ETNAPİ) aparılır.

4.3.          MAA-nın elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.

4.4.          MAA-da aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

4.5.          Elmi fəaliyyət MAA-nın professor-müəllim heyətinin işinin tərkib hissəsidir. MAA-da elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi sənədləri ilə müəyyənləşdirilir.

4.6.          Milli Aviasiya Akademiyası aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.

4.7.          MAA-da aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.

4.8.         MAA-da aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, təhsil müəssisələrinin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də qrantlar hesabına həyata keçirilir.

4.9.          Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

5.       MAA-nın idarə olunması

5.1.          MAA-nın idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə MAA-da idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri bu Nizamnamə ilə müəyyənləşdirilir.

5.2.          MAA-nın ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır, onun yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə”, Nümunəvi Nizamnamə və MAA-nın nizamnaməsi ilə tənzimlənir.

5.3.          MAA-nın fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata keçirilir. MAA-nın rektoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir.

Rektor əvəzçiliklə təyin oluna bilməz.

MAA-nın prorektorları (tədris işləri, elmi işlər, uçuş işləri, rejim və tərbiyə işləri, ümumi və təsərrüfat-texniki məsələlər, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr üzrə) “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti ilə razılaşdırılmaqla MAA-nın rektorunun əmri ilə təyin olunurlar.

Rektor mütəxəssis hazırlığının keyfiyyətinə, MAA-da tədris, elm, tərbiyə, maliyyə-təsərrüfat işlərinin təşkilinə və büdcənin icrasına görə məsuliyyət daşıyır.

MAA-nın inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini rektorun təqdimatı əsasında Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təsdiq edir.

 Milli Aviasiya Akademiyasının rektoru:

–   MAA-nın inkişaf strategiyasını müəyyən edir, onun işinin proqram planlaşdırılması haqqında qərarlar qəbul edir;

–   MAA elmi şurasının, rektorluğun, elmi tədqiqat və digər bölmələrin  işini təşkil edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;

–   MAA Elmi şurasının qərarlarının imzalayır və Elmi Şuranın qərarlarının icra edilməsi üzərində nəzarəti təmin edir;

–   prorektorları, baş mühasibi, struktur bölmələrin rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir;

–   qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə qəbul edir və işdən azad edir, əmək müqavilələrini bağlayır (xətm edir);

–   professor müəllim heyətinin və elmi işçilərin vəzifələrini tutmaları üçün qəbul olunmuş qaydalara düzgün riayət edilməsini təmin edir;

–   MAA-nın daxili nizam-intizamını, işçilərin vəzifə təlimatlarını, MAA-ya qəbul qaydalarını təsdiq edir;

–   bütün işçilərə və tələbələrə aid olan əmrləri, göstəriş və sərəncamları verir;

–   maliyyə və digər maddi vəsaitlərə dair sərəncamlar verir;

–   MAA adından müəssisələrlə, təşkilatlarla və dövlət idarəetmə orqanları ilə müqavilələr baglayır, “Azərbaycan Hava Yolları” QSC-nin maraqlarını təmsil edir;

–   “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Respublikasının dövlət idarəetmə orqanlarının onun üzərinə qoydugu digər funksiyaları yerinə yetirir.

MAA-nın idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

5.4.          Fakültə MAA-nın tədris, elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr hazırlanmasını, müvafiq sahə üzrə mütəxəssislərin (kadrların) ixtisasının artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

Ali təhsil müəssisələrinin fakültələrinə ümumi rəhbərlik fakültə elmi şurası tərəfindən həyata keçirilir. Fakültə elmi şurası MAA-nın rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi şurasının sədri – dekandır. Fakültə elmi şurasının vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda MAA rektorunun təqdimatına görə həyata keçirilə bilər. Fakültə elmi şurasının tərkibi rektor tərəfindən təsdiq edilir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir.

5.5.          MAA-nın fakültələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada bu vəzifəyə təyin olunmuş dekan rəhbərlik edir.

Dekan:

–     fakültədə tədris prosesinə, tərbiyə işlərinə və elmi tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;

–     təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir;

–     tələbələrin dərslərdə iştirakını təmin edir;

–     tələbələrin elmi, pedaqoji və istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;

–     fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir;

–     tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaradılmasını təmin edir;

–     tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıyır;

–     tələbələri tələbələr sırasından xaric etmək və bərpa etmək üçün rektora təqdimatlar verir;

–     tələbələrin buraxılış dövlət imtahanlarına, buraxılış diplom işlərinin və magistrlik dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir;

–     fakültədə dövlət hesabına təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim edir;

–     fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir;

–     fakültədə doktorların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, onların attestasiyalarını keçirir;

–     fakültənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;

–     kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;

–     ümumfakültə elmi-metodiki və elmi seminarlarının təşkilini təmin edir;

–     fakültədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyət daşıyır;

–     ali təhsilin hər üç səviyyəsi üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrə ali məktəbin rəhbərinə təkliflər təqdim edir;

–     fakültə elmi şurasına rəhbərlik edir;

–     MAA-da fakültə ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;

–     müavinlərinin təyin edilməsi üçün təqdimat verir;

–     fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu və işdən azad olunması, eləcə də həvəsləndirilməsi və cəzalandırılması üçün MAA-nın rəhbərinə təqdimat verir;

–     ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir.

5.6.          Kafedra MAA-nın (fakültənin) əsas tədris elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir.

Kafedranın əsas vəzifələri aşağıdakılardır:

–     bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;

–     kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

–     cari imtahanların keçirilməsi;

–     dövlət imtahanlarının təşkili və keçirilməsi;

–     təhsilalanlar arasında tərbiyə işinin təşkili;

–     kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

–     dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;

–     elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;

–     tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

–     kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

–     respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

–     tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

–     elmi-pedaqoji və elmi kadrların hazırlanması;

–     kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

–     tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

–     müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;

–     MAA-nın məzunları ilə daim əlaqənin təşkil edilməsi;

–     elmi biliklərin təbliğ edilməsi.

5.7.          Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir. Kafedra müdiri:

–     kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

–     kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

–     hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;

–     ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti hesabına onun ştat tərkibinə dair təklif verir;

–     fakültədə, MAA-da və kənar təşkilatlarda kafedranı təmsil edir;

–     kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim edir;

–     kafedranın fəaliyyətinə görə kafedranın kollektivi, fakültə, MAA-nın Elmi Şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

5.8.          MAA-da elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma rektor tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6.       Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri

6.1.          Təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, MAA-nın nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

6.2.          Təhsilalanların hüquqları aşağıdakılardır:

–     qanunvericilikdə nəzərdə tutulmuş qaydada MAA-ya qəbul olunmaq;

–     təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

–     dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

–     MAA-nın tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

–     MAA-nın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, trenajor, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

–     müəyyən edilmiş qaydada MAA-nı və ixtisasını dəyişmək;

–     elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

–     fasiləsiz təhsil almaq;

–     sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

–     insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

–     müəyyən olunmuş qaydada MAA-da təhsilini müvəqqəti dayandırmaq;

–     Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

–     ali təhsilin hər bir səviyyəsində qanunvericilikdə göstərilən hallar istisna olmaqla, yalnız bir dəfə pulsuz təhsil almaq;

–     təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

–     MAA-nın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

–     elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

–     müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını seçmək;

–     qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.3.          Təhsilalanların vəzifələri aşağıdakılardır:

–       dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

–       pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

–       MAA-nın nizamnaməsinin tələblərinə riayət etmək;

–       dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

–       təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

–       qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.4.          Təhsilverənlərin hüquqları aşağıdakılardır:

–     normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

–     MAA-nın nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

–     tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

–     şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

–     təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

–     ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

–     müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

–     MAA-da uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əməkhaqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərtilə, məsləhətçi-professor vəzifəsini tutmaq;

–     qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.5.          Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

–     təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

–     təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

–     təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

–     təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

–     şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

–     pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

–     təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

–     gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

–     ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçirmək;

–     qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

–     qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

6.6.          MAA-da akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin yaş həddinə çatan pedaqoji işçilər akademik və inzibati vəzifə tutmamaq şərtilə, MAA-nın tədris və elmi fəaliyyətində iştirak edə bilərlər.

6.7.          MAA-nın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri müvafiq qanunvericiliklə, Nümunəvi Nizamnamə, MAA-nın nizamnaməsi, MAA-nın daxili nizam-intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

7.       MAA-nın maliyyə-təsərrüfat fəaliyyəti

7.1.          MAA-nın əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

Milli Aviasiya Akademiyası mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. MAA-nın əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti “Azərbaycan Hava Yolları” QSC və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

MAA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

Milli Aviasiya Akademiyası öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

MAA-nın özəlləşdirilməsi qadağandır.

MAA-nın büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

MAA-nın istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

7.2.          Dövlət tərəfindən ali təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayrılır.

Milli Aviasiya Akademiyası mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak MAA-ya büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

MAA-nın əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

MAA-nın maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin növünə və kateqoriyasına uyğun olaraq, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarına əsasən hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Milli Aviasiya Akademiyası nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildə əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

MAA-nın inkişafına, təhsilalanların təhsil haqqının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat üzrə qrantlar təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.

Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verir.

7.3.          Milli Aviasiya Akademiyası aşağıdakı mənbələrdən maliyyələşdirilir:

–     qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

–     ödənişli təhsildən əldə olunan vəsaitlər;

–     hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;

–     müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;

–     MAA-nın təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;

–     hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;

–     dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

–     MAA-nın mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

–     MAA-nın beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;

–     qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

7.4.          Milli Aviasiya Akademiyası əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Milli Aviasiya Akademiyası sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. MAA-nın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Milli Aviasiya Akademiyası sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

7.5.          Milli Aviasiya Akademiyası bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

7.6.          MAA-da təhsilin dövlət təhsil standartına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məhkəmədə iddia qaldırıla bilər.

Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

8.       Təhsil sahəsində beynəlxalq əlaqələr

Ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Ali təhsil müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Milli Aviasiya Akademiyası qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

Milli Aviasiya Akademiyası beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

MAA-nın fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərinə riayət etməklə, öz nizamnaməsinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.