(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Rektor

Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu «Radiorabitə və radioyayım» ixtisası üzrə bitirmişdir.

1959-cu ildə Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Onun elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçirici cihazlar və yarımkeçiricilər fizikası olmuşdur. O, ilk sovet alimlərinin sırasında material və məmulatların elektromaqnit nəzarət üsullarının yaradılmasına başlamış və öz həyatının 40 ildən artıq bir dövrünü elektromaqnit nəzarət fizikasının və yarımkeçiricilərin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafına və tədqiqinə həsr etmişdir.

Akademik A.M.Paşayev haqlı olaraq yüksək və ifratyüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatlarının fiziki əsaslarının yaradıcısı hesab edilir.

Arif Mir Cəlal oğlu Paşayev 1960-cı ildə keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olmuş, 1965-ci ildə «Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi» mövzusunda namizədlik dissertasiyasını mudafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

A.M.Paşayevin tətbiqi tədqiqatlarının əsas hissəsi yeni cihazların yaradılmasına, mövcud cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki kəmiyyətlərin ölçülməsinin yeni metodlarının işlənilməsinə yönəlmişdir. Bununla yanaşı o, istehsalatın qarşısında duran nəzarət problemlərini və çətinliklərini çox gözəl bilirdi və onun elmi tədqiqatları məhz bu problemlərin həllinə yönəlmişdi.

1969-cu ildən, Azərbaycanda mikroelektron sənayesi inkişaf etməyə başladığı dövrdən, A.M.Paşayevin xüsusilə, mikroelektron vericilərin yaradılması üzrə mikroelektronika sahəsində elmi fəaliyyəti başlamışdır. Bu sahədə aparılan elmi tədqiqatlar və işləmələr mikroelektronikada yeni istiqamətin – qeyri-elektrik kəmiyyətlərin mikroelektron çeviriciləri sahəsinin əsasını qoydu.

A.M.Paşayevin yarımkeçiricilər elektronikası və mikroelektronika sahəsində nəzəri və təcrübi tədqiqatlarının nəticələri 1978-ci ildə «Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri» mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmış və o fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.

Mikroelektron vericilər sahəsində işlərini davam etdirərkən A.M.Paşayev tərəfindən yeni növ inteqral temperatur, təzyiq, rütubət, güc, təcil və vibrasiya vericiləri yaradılmışdır. Bu vericilər gəmiqayırmada, neft maşınqayırmasında, tibbdə, müdafiə sənayesində və digər sahələrdə geniş tətbiq olunan yüksək cəldliyə malik nəzarət sistemlərinin yaradılmasında istifadə olunur.

Onların əsasında sualtı obyektlərə nəzarət və tədqiq üçün nəzərdə tutulmuş telemetrik, çox funksiyalı, hidroakustik kompleks aparatura yaradıldı. 1991-ci ildə A.M.Paşayev «Avtonom hidroakustik informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə» Azərbaycan Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.

Mikroelektron vericiləri sahəsindəki elmi tədqiqatların nəticələri iki monoqrafiya şəklində çap edilmişdir: «Qeyri–elektrik kəmiyyətlərin bərk cisimli mikroelektron çeviriciləri» (1998-ci il) və «Bərk cisimli mikroelektron maqnitoelektrik və rütubətli elektrik çeviriciləri» (1999-cu il).

A.M.Paşayev tərəfindən işlənmiş bir çox cihaz və qurğular ixtira səviyyəsində yerinə yetirilərək keçmiş SSRİ-nin müxtəlif sənaye müəssisələrində tətbiq edilmiş, müxtəlif beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş, bürünc medal və diplomlara layiq görülmüşdür.

A.M.Paşayev uzun müddət – 1971-ci ildən 1996-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun «Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları» laboratoriyasına rəhbərlik etmişdir və institutun elmi istiqamətlərinin müəyyən edilməsində fəal iştirak etmişdir. Məhz bu müddət ərzində onun alim və elmi təşkilatçı kimi görkəmli qabiliyyətə malik olması bütövlükdə özünü büruzə vermişdir.

1996-cı ildən indiki dövrə kimi akademik A.M.Paşayev «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektorudur. Rektor təyin olunduğu 1996-cı ildən Milli Aviasiya Akademiyası yeni bir inkişaf pilləsinə qədəm qoymuşdur. Akademik A.M.Paşayev fəaliyyətində tədris prosesinin, elmi-tədqiqat işlərinin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmuşdur.

Milli Aviasiya Akademiyasının nəzdində Elmi-tədqiqat İnstitutu, Konstruktor bürosu və Təcrübə-sınaq istehsalatından ibarət Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu yaradılmışdır.

Akademik A.M.Paşayevin rəhbərliyi altında MAA-da aviasiya sahəsində aparılan tədqiqatların vacibliyinin və faydalılığının təyin edilməsi üçün ənənəvi olaraq elmi seminarlar və konfranslar keçirilir.

A.M.Paşayev Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmağa nail olmuşdur.

A.M.Paşayevin rəhbərliyi ilə MAA-nın əldə etdiyi nailiyyətlər müxtəlif tanınmış xarici ölkə təşkilatları tərəfindən də bəyənilmişdir. Təhsil sistemində Avropa standartlarına uyğun olaraq göstərdiyi yüksək xidmətlərə görə MAA-ya verilmiş «Avropa keyfiyyəti» və «Avropanın ən yaxşı müəssisəsi» Beynəlxalq mükafatları buna parlaq sübutdur.

Bundan əlavə Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə mülki aviasiya ali təhsil müəssisəsi Sertifikatına layiq görülmüş, Beynəlxalq Mülki Aviasiya Təşkilatının mülki aviasiya ali təhsil müəssisələrinin Siyahısına daxil edilmiş, eləcə də Avropa Universitetləri Assosiasiyasına tam hüquqlu üzv kimi qəbul olmuşdur. Milli Aviasiya Akademiyası “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) regional tədris mərkəzi statusunu almışdır.

MAA-nın kollektivi akademik A.M.Paşayevin rəhbərliyi altında «2003-2010-cu illər ərzində Milli Aviasiya Akademiyasında elm və təhsilin inkişafı üzrə Proqramı» həyata keçirmişdir. Buraya Akademiya şəhərciyinin qurulması işlərinin başa çatdırılması, tədris binalarının müasir avadanlıq və inventarla təchiz edilməsi, yeni ixtisasların açılması, aviasiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının intensivləşdirilməsi, mülki aviasiya sahəsində elmi işlərin və tədqiqatların gələcək inkişafı və s. daxil idi.

Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü Arif Mir Cəlal oğlu Paşayev fizika sahəsindəki yüksək nailiyyətlərinə görə Y.Məmmədəliyev adına medala, İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin Qızıl medalına və «SSRİ ixtiraçısı» adına layiq görülmüşdür.

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış dissertasiya şurasının sədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində olan aviasiya mütəxəssislərinin hazırlanması üzrə koordinasiya şurasının üzvüdür.

Arif Paşayev Ukrayna Milli Aviasiya Universitetinin, Gürcüstan Aviasiya Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının Fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin Fəxri professoru, Ukrayna Azərbaycanlıları Konqresinin Fəxri üzvüdür. O, həmçinin 2005-ci ildə təsis edilmiş Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının və 2009-cu ilin iyul ayında təsis edilmiş «Elmi Təminatlı İnnovasiya Assosiasiyası» İctimai Birliyinin prezidentidir.

Rusiya və Gürcüstandan olan alimlərlə birgə yarımkeçiricilər fizikası sahəsində elmi kəşfin müəllifidir. Kəşflə əlaqədar ona 340 saylı xüsusi diplom verilmiş, fizika sahəsində Nobel mükafatı laureatı P.L.Kapitsa adına Qızıl medal təqdim olunmuşdur. O, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri akademiki seçilmiş və bununla əlaqədar ona Vernadski adına Qızıl döş nişanı verilmişdir.

Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi işindəki xidmətlərinə görə akademik Arif Paşayevə İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin «Şərəf və Ləyaqət» Qızıl Ulduzu təqdim olunmuşdur.

Akademik A.M.Paşayevin 400-dən çox elmi əsərləri dərc olunmuş, 30-dan artıq kitabın, monoqrafiyanın müəllifidir, 60-dan artıq ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almışdır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə «ŞÖHRƏT» və «ŞƏRƏF» ordenləri ilə təltif edilmişdir. Akademik Arif Paşayev Azərbaycan elm və təhsil xəzinəsinə verdiyi töhfələrə, Azərbaycan elmini dünya səviyyəsində ləyaqətlə təmsil etdiyinə görə «Əməkdar elm xadimi» fəxri adına, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Ali mükafatına – «Qızıl medal»ına, eləcə də Beynəlxalq Mühəndislik Akademiyasının yubiley «Qızıl medal»ına, “Mühəndislik şöhrəti” ordeninə layiq görülmüşdür.

29 fevral 2008-ci il tarixində Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina akademik Arif Paşayevə “Aviasiya mütəxəssislərinin hazırlanması işindəki xüsusi xidmətlərinə və tədris prosesinin nümunəvi təşkilinə görə” Qızıl medal təqdim etmişdir.

2009-cu ildə MAA-nın rektoru, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının Beynəlxalq mükafat laureatı diplomu və Böyük Qızıl medalı ilə də təltif olunmuşdur.

MAA-nın tələbələrinə göstərdiyi yüksək qayğı və dəstəyinə görə Arif Mir Cəlal oğlu Paşayev 2010-cu ilin mart ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «İlin ən fəal rektoru» fəxri diplomu ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 03 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamının 6-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 05 iyul 2010-cu il tarixli 06 saylı kollegiyasının qərarına əsasən Kosmik məsələlər üzrə Şura yaradılmış və akademik Arif Paşayev həmin şuraya sədr təyin olunmuşdur.

2011-ci il oktyabr ayının 24-də akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) vitse prezidenti seçilmiş və o, BMA-nın ən yüksək mükafatı – “Mühəndislik şöhrəti” ordeninə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev «İstiqlal» ordeni ilə təltif edilmişdir.

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının akademiki seçilmiş, Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı – “Mühəndislik Şöhrəti” ordeni ilə təltif edilmişdir.

2014-cü ildə akademik Arif Paşayev Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.

2014-cü ildə akademik Arif Paşayev ixtiraçılıq sahəsində II Respublika Müsabiqəsinin Laureatı olmuşdur.

Əlaqə tel., faks:  (+994 12) 497 28 29;  referent Gülnarə Əhmədova

(+994 12) 497 28 24;  rektorun köməkçisi Ənvər Həzərxanov