(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Rektorun köməkçisi

Rektorun köməkçisi, Rejim və tərbiyə işləri üzrə prorektor Ənvər Tapdıq oğlu Həzərxanov, texnika üzrə elmlər doktoru (2013), professor (2017) – 1996-cı ildə Azərbaycan Texniki Universitetini “Texnoloji proseslərin və istehsalatın  avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Milli Aviasiya Akademiyasında (MAA) 1998-ci ildə Elmi-tədqiqat Aviasiya İnstitutunun “Aviasiya elektronikası” şöbəsində mühəndis-elektronçu vəzifəsində əmək fəaliyyətinə başlamış, 1999-cu ildə Tədris-metodiki şöbəyə metodist vəzifəsinə keçirilmişdir. 2001-ci ildən MAA rektorunun köməkçisi vəzifəsində çalışır, eyni zamanda 10 may 2016-cı il tarixindən rejim və tərbiyə işləri üzrə prorektor vəzifəsini də icra edir. 2005-ci ilin iyun ayının 28-də MAA nəzdində fəaliyyət göstərən N 06.001 dissertasiya şurasında «Qeyri-stasionar obyektlərin naviqasiya idarəetmə sistemləri üçün vibrasiyalı pyezoelektrik giroskop» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı ixtisasından texnika elmləri namizədi, 2013-cü ilin aprel ayının 12-də isə MAA nəzdində fəaliyyət göstərən D 06.001 dissertasiya şurasında “Kiçik ölçülü pilotsuz uçuş aparatlarının idarə edilməsi xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək həmin ixtisasdan texnika üzrə elmlər doktoru elmi dərəcələrinə layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2012-ci ilin yanvar ayında Avionika kafedrası üzrə dosent, 2017-ci ilin may ayında isə adı çəkilən kafedra üzrə professor elmi adları verilmişdir. 1999/2000-ci tədris ilindən etibarən indiki Avionika kafedrasında elmi-pedaqoji fəaliyyət göstərir, hal-hazırda həmin kafedranın əvəzçi professorudur. O, 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 2 dərs vəsaitinin, 1 əyani vəsaitin, 3 metodik göstərişin və 8 patent-ixtiranın müəllifidir. Ənvər Həzərxanov MAA Elmi Şurasının və MAA nəzdində fəaliyyət göstərən D 06.001 dissertasiya şurasının üzvü, eləcə də “Mülki Aviasiya” nəşriyyatı redaksiya heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası üzrə ilk partiya təşkilatının sədri, “Elmi Təminatlı İnnovasiya Assosiasiyası” İctimai Birliyinin, həmçinin Azərbaycan Kosiki Karate-do Federasiyasının vitse-prezidentidir. MAA-nın Qiyabi fakültəsinin fəaliyyətinə və əlavə ali təhsil almaq prosesinə nəzarət funksiyaları da ona tapşırılmışdır. Ənvər Həzərxanov mülki aviasiya sahəsində uzun müddətli qüsursuz və səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 161 nömrəli Sərəncamı ilə Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Ənvər Tapdıq oğlu Həzərxanov “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə Ənvər Tapdıq oğlu Həzərxanov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Milli Aviasiya Akademiyası Elmi Şurasının 2 may 2019-cu il tarixli iclasında Azərbaycan Respublikasında mühəndislik işlərinin inkişafına görə Ənvər Tapdıq oğlu Həzərxanov “Mühəndislik təhsilinin problemləri” nominasiyası üzrə Azərbaycan Mühəndislik Akademiyasının İlin Mühəndisi – 2018 fəxri adına layiq görülmüş və “Xatirə” medalı ilə təltif olunmuşdur.

Əlaqə tel.: (+994 12) 497 28 24 (iş); (+994 50) 200 47 17 (mob.)

E-mail: enver-xan@mail.ru