Konstruktor bürosu

Konstruktor Bürosu (KB) 2004-cü ildə təşkil olunmuşdur. KB-yə texnika elmləri doktoru, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyalarının akademiki, Dövlət mükafatı laureatı Nizamov Telman İnayət oğlu rəhbərlik edir. O, 140-dan çox elmi işin, o cümlədən 40-dan çox patentin müəllifidir. “SSRİ ixtiraçısı” fəxri adına layiq görülmüşdür.                                                                           

Onun elmi-texniki fəaliyyətinin əsas istiqamətlərindən biri “Sututarlarının təbii və texnogen anomaliyaları haqqında dürüst məlumatın alınması məqsədilə hidroakustik və aviakosmik monitorinqin təşkili və aparılması üsulları əsasında elmi-metodik prinsiplərin və mütərəqqi konstruksiyalı texniki vasitələrin işlənməsi” olmuşdur. Respublikada ilk dəfə Xəzər Dənizinin xüsusiyyətləri nəzərə alınmaqla T.İ.Nizamovun bilavasitə rəhbərliyi və iştirakı ilə işlənib yaradılan “Yandan baxış” və “Profilləyici” lokatorlardan ibarət hidroakustik sistemləri ilə şelf zonasının, o cümlədən relyefin, estakadalar ətrafı ərazinin, komunikasiya xətlərinin vəziyyətinin, dib çöküntüsünün tərkibinin və strukturunun öyrənilməsi kompleks işlərinin nəticələri Dövlət mükafatına layiq görülmüşdür. Onun rəhbərliyi ilə neftqaz hasilatında mühüm problem olan parafin və hidrat əmələ gəlməsinin qarşısının alınması məqsədilə orijinal, qazın parametrlərinə nəzarət etməklə əks əlaqə ilə idarə olunan, iqtisadi səmərəli qazqızdırıcı sistem yaradılmışdır. T.İ.Nizamovun elmi fəaliyyətinin önəmli istiqamətlərindən biri də qeyri-ənənəvi konstruksiyalı, yüksəktezlikli impuls ozon generatorlarının elmi əsaslarının işlənməsi və yaradılmasıdır. MAA-da hazırlanan təyinatlı ozonlaşdırıcı sistemlərin orijinallığı Beynəlxalq və Azərbaycan Respublikası Patent idarələri tərəfindən təsdiq edilib və aviasiyada, tibbdə, kənd təsərrüfatında və s. uyğun ekoloji şəraitlərin təmin olunması məqsədilə istifadə olunur.

KB-nin tərkibinə «Konstruktor-texnoloji şöbəsi» və  «Biofiziki cihazlar şöbəsi» daxildir.

Milli Aviasiya Akademiyası Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun strategiyasına uyğun olaraq elmi-praktiki cihazqayırmanın istiqamətlərindən biri kimi KB-də aviasiyada ekoloji şəraitin təmini üsullarının, avtomatik ozonlaşdırma sistemlərinin və Heydər Əliyev aeroportunda hava gəmilərinə və sərnişinlərə yerüstü sivil xidmətdə mütərəqqi avadanlıqların innovasiyon texnologiyalar əsasında işlənməsi və yaradılması məqsədilə perspektiv tədqiqat və təcrübi-konstruktor işləri aparılır.

Dünyada ilk dəfə təyyarə salonlarının ozon qazı əsasında işlənmiş orijinal üsul ilə dezinfeksiya olunması və uçuşdan qabaq uçuş heyətinin immun sisteminin möhkəmləndirilməsində ekoloji mikroiqlim şəraitində qısamüddətli istirahətinin təmin edilməsi üsulları işlənmişdir (Patent Cooperation Treaty: Method for disinfecting aircraft cabins and device for carrying out said method, PCT WO 2005/122669 29.12.2005., WO 2008/104036 “Crew preflight instructio method”., АR I2005 0008; АR I2005 0155; АR I2007 0038; АР I 2007 0131) (surətləri təqdim olunur). Aviasiyada ozonlaşdırma üsulundan istifadə olunmasının orijinallığını Beynəlxalq Mülki Aviasiya Təşkilatı bəyənmiş və Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmişdir (cənab Cahangir Əsgərova, akademik Arif Paşayevə ünvanlanmış məktub Ref.: AN 3/8 JUL 26 2006 (surəti təqdim olunur). Ozon qurğularına müvafiq “Uyğunluq sertifikatları” alınmış (surətləri təqdim olunur), MAA-nın İstehsalat bazası ilə birgə hazırlanmış 30 ədəd səyyar ozon qurğuları ozonun dispetçerlərə fizioloji təsirləriniin öyrənilməsi məqsədilə “Azəraeronaviqasiya” müəssisəsinin uçuşu idarəetmə mərkəzinin dispetçer otaqlarında və Qraund Həndlinq Kompani MMC-nin iş otaqlarında təyinatı üzrə sağlam mikroiqlim şəraitinin yaradılmasında istifadə olunur. Uçuş heyətinin iş şəraitinin xüsusiyyətləri və uçuş zamanı gözlənilən ekstremal şəraitlə əlaqədar yaranan yorğunluğun, psixoloji həyəcanlanmanın fizioloji səbəblərini dəf etməklə, orqanizmin reabilitasiyası və sağlamlığın bərpası ilə ekipajın təhlükəsizliyinin təmin edilməsi və insan faktoru ilə əlaqədar qəzaların qarşısının alınması məqsədilə, immun sisteminin aktivləşdirilməsi əsasında işlənmiş üsul test metodikası ilə ozonlu və ozonsuz mühitdə dispetçerlərin psixofizioloji vəziyyəti müqayisəli yoxlanmış və göstəricilərin 30 %-ə qədər yaxşılaşdığı təsdiqlənmişdir. Təklif olunan yeni üsulun fizioloji təsirinin hüceyrə-molekulyar səviyyədə yoxlanması məqsədilə Azərbaycan Səhiyyə Nazirliyinin Tibb Universiteti ilə birgə elmi-tədqiqat işi aparılmış və orqanizmin psixofizioloji vəziyyətinin yaxşılaşması təsdiqlənmişdir .

Kənd təsərrüfatı və meyvə-tərəvəz məhsullarının ekoloji saxlanması və toxumların səpinə hazırlanması məqsədilə ozonlaşdırma üsulu və təyinatlı qurğuların işlənib yaradılması və respublikamızda tədbiqi üzrə MAA Kənd Təsərrüfatı Nazirliyi və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə müəyyənləşdirdikləri plana uyğun “Beytullah” MMC fermer təsərrüfatında (Oğuz rayonu) 150 ton taxılın ozonlaşdırma ilə ambarlarda saxlanaraq səpinə hazırlanması əməliyyatı aparılmış, biçindən sonra məhsuldarlığın nəzarətə nisbətən 15%-ə qədər artması və məhsulun keyfiyyətinin xeyli yüksəlməsi mütəxəssislər tərəfindən qeydə alınmışdır.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusiləşdirilmiş müalicə müəssisələrində, dezinfeksiya, dezinseksiya məqsədilə təyinatlı cihazlar yaradılaraq tətbiq edilmişdir.

Keyfiyyətli bort suyunun təmin edilməsi haqda İCAO-nun müvafiq qərarına uyğun, şəbəkə suyundan istifadə etməklə yüksək saflığa və elektrik müqavimətinə malik su emal etmək üçün yarımnüfuzetmə qabiliyyətli, kompozit membran əsasında, enerjiyə qənaətedici cihaz işlənmiş və yaradılmışdır (Patent: a 2007 0111/11.05.2007 “Deionlaşmış su emalı qurğusu”). Bu cihaz həmçinin energetikada, radiotexnikada, mikroelektronikada, kimya sənayesində, tibbdə məhlulların hazırlanması, güclü yarımkeçiricilərin soyudulması və s. məqsədlərlə istifadə edilə bilər.

AZAL QSC-nin təyyarə parkının müasir hava gəmiləri ilə genişləndirilməsini nəzərə alıb, İCAO-nun uyğun tövsiyyələri əsasında təyyarələrin və təyinatlı yerüstü xidməti arsenalın respublikanın iqlim şəraitinin xüsusi təsirindən intensiv aşılanması proseslərinin qarşısının alınması məqsədilə AMEA-nın Təcrübə Sənaye Zavodu ilə birgə korroziyaya, rütubətə davamlı, mexaniki bərkliyə, yüksək adgeziyaya və elektrik müqavimətinə malik, effektli poliuretan əsaslı lak kompozitin alınması (Patent: AR İ 2006 0022 “Kipləndirici kompaund”) üsulları işlənmiş və yaradılmış mühafizəedici orijinal laka uyğunluq sertifikatı alınmışdır. Hal-hazırda lakın Heydər Əliyev aeroportunda istifadə olunması məqsədilə tədqiqat işləri davam etdirilir.

KONSTRUKTOR-TEXNOLOJİ ŞÖBƏ

Konstruktor-Texnoloji Şöbə 1994-cü ilin sentyabrında yaradılmışdır. Şöbə öz fəaliyyətini Konstruktor Bürosunun tərkibində davam etdirir. Şöbəyə Quliyev Fərhad Kamal oğlu rəhbərlik edir. Şöbədə 6 əməkdaş çalışır. Şöbənin fəaliyyətinin əsas istiqaməti hava limanlarında hava gəmilərinə yerüstü xidməti avadanlığın və qurğuların uyğun effektli texnologiyalar əsasında yaradılması və konstruktor         sənədlərinin işlənməsidir.                                                                          

Konstruktor Şöbəsində AZAL-ın, MAA-nın bölmələrinin və digər sahələrdən verilən sifarişlər üzrə yaradılan avadanlıqların qüvvədə olan standartlar əsasında konstruktor-texnoloji, işçi sənədlərin işlənməsi, hazırlanması və təhvil verilməsində texniki köməyin göstərilməsi, şöbə tərəfindən layihələndirilmiş avadanlıqların və hissələrin hazırlanma texnologiyalarının işlənməsi, müasir tələblərə cavab verən mütərəqqi avadanlıqların layihələndirilməsi üzrə işlər aparılır. Şöbədə 58-dən artıq müxtəlif avadanlıq və tərtibatların konstruktor sənədləri işlənərək və MAA-nın Təcrübə-sınaq İstehsalatında hazırlanmış, təhvil-qəbul sınaqlarından keçirilərək sifarişçilərlə bağlanmış müvafiq təsərrüfat hesablı müqavilələr əsasında təhvil verilmişdir. Şöbədə, o cümlədən ozonlaşdırma sistemlərinin konstruktor sənədləri tələblərə uyğun layihələndirilmişdir.

BİOFİZİKİ CİHAZLAR ŞÖBƏSİ

«Biofiziki cihazlar şöbəsi» 2007-ci ildə yaradılmışdır və ştat üzrə işçilərin sayı 5 nəfərdən ibarətdir. Şöbəyə 2009-cu ilin aprel ayından İsayev Ənvər İsa oğlu rəhbərlik edir, o, 50-dən çox elmi işin, o cümlədən patentin müəllifidir. Şöbədə aviasiyada ozonlaşdırmanın bakterisid, psixofizioloji və texnogen təsirlərinin öyrənilməsi məqsədilə avtomatik idarəolunan ozonlaşdırıcı sistemlərin yaradılması üzrə tədqiqat işləri aparılır. İnteqral sensor əsasında ozonölçəndən və ozonun elektrik sintezi qurğusundan ibarət ozonlaşdırma sistemlərinin strukturu və elektron idarəetmə sxemləri işlənib konstruktor sənədlərinin işlənməsi üçün texniki tapşırıq hazırlanır. İşlənmiş konstruktor sənədləri əsasında şöbədə qurğular hazırlanaraq yoxlanır. Müxtəlif modifikasiyalı cihazlar, o cümlədən stasionar və səyyar ozonatorların nümunələri, integral sensor əsasında ozonometr,  ozonun canlı orqanizmlərə psixofizioloji təsirinin yoxlanması üçün ekoloji imitasiya kamerası hazırlanmışdır (şəkilləri təqdim olunur). Sınaq metodikaları əsasında stendlər qurulur, sınaqlar aparılır. Şöbədə yaradılmış qurğuların istifadə metodikaları işlənib.

Əlaqə tel.: (+994 12) 497 26 00 (24-27)