(+994 12) 497-26-28
mail@naa.edu.az
Bakı şəh., Mərdəkan pr., 30

Poliqrafiya Mərkəzi

Poliqrafiya Mərkəzi 2003-cü ildən fəaliyyətə başlamışdır. Poliqrafiya Mərkəzində 30 nəfər peşəkar və bacarıqlı işçi çalışır. Təşkilati struktura əsasən, Poliqrafiya Mərkəzinə poliqrafiya və nəşriyyat şöbəsi, mətbəə, kinofotostudiya, kinofotolaboratoriya-emalatxana və arxiv daxildir.

Poliqrafiya Mərkəzi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) müəssisələri, Milli Aviasiya Akademiyası (MAA), digər xarici kompaniyalar ilə yaradılan birgə müəssisələr üçün müxtəlif növ sənədlərin, kitabların, jurnalların, əyani vasitələrin, ciddi hesabat blanklarının və başqa reklam sifarişlərinin keyfiyyətli nəşr və çapını təmin edir.

Poliqrafiya Mərkəzinin mətbəəsində MAA-nın professor-müəllim heyəti, Elmi-tədqiqat institutunun mühəndis və mütəxəssisləri tərəfindən hazırlanan kitablar, dərsliklər, dərs vəsaitləri, metodik proqramlar, monoqrafiyalar, elmi məcmuələr, müxtəlif elmi əsərlər geniş çeşiddə yüksək keyfiyyətlə nəşr olunur. Poliqrafiya Mərkəzində eyni zamanda mülki Aviasiyaya aid, MAA-da mövcud olan ixtisaslara əsasən əyani vəsaitlər: plakatlar, bukletlər, diaqramlar, cədvəllər, muzey eksponatları, fotoalbomlar, kataloqlar çap olunur, keçirilən elmi-praktik konfransların, simpoziumların, Elmi Şuranın iclaslarının, sərgilərin, müşavirələrin, beynəlxalq əhəmiyyətli tədbirlərin sənəd və materialları hazırlanır.

2006-2010-cu illər ərzində Poliqrafiya Mərkəzində 8 milyon ədəd müxtəlif blanklar və aviasənədlər çap olunub. Ümumi tiraj ilə 556.000 ədəd müxtəlif jurnallar və 35.000 ədəd kitablar nəşr olunmuşdur. Poliqrafiya Mərkəzinin arxivi MAA-nın və Azərbaycan mülki aviasiyasının fəalliyyətinə aid olan bütün növ kitabların, albomların, kinofotomaterialların, kütləvi informasiya vasitələrində dərc olunan materialların, poliqrafiya məhsullarının, toplanması və saxlanılmasını (adi və kompyuterləşdirilmiş – elektron arxiv) təmin edir.

Poliqrafiya Mərkəzinin rəisi Ədalət Nadir oğlu Zamanov – Azərbaycan Dövlət Neft Akademiyasının neft mexanikası fakültəsinin məzunudur. 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodunda əmək fəaliyyətinə mühəndis kimi başlayıb. 1976-cı ildə işlədiyi zavodun Komsomol Komitəsinin katibi seçilib, 1980-1986-cı illərdə Respublika Komsomolunun Mərkəzi Komitəsində təbliğat şöbəsinin müdir müavini vəzifəsində işləyib. 1986-cı ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasında mətbuat katibi, təşkilat şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1996-ci ildən «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətində, əvvəlcə «Səma» nəşriyyatının direktoru, sonra isə Poliqrafiya Mərkəzinin rəisi vəzifəsində bu günə kimi çalışır. 1980-cı ildən Respublika Jurnalistlər İttifaqının üzvüdür.

Əlaqə tel./faks: (+994 12) 497 26 68, (+994 12) 497 26 00 (24-34 və ya 26-68)

e.mail: rmehdiyev@aeroport.az